Qarabağ Məsələsi və Zəfər Yolu ilə bağlı Fikirlərim

Çoxları bilmir, amma keçmiş “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı Azərbaycanda dərin bilik və təcrübəyə malik şəxslərdən biriyəm. Tələbəlik illərindən bəri, 20 ildən çoxdur ki, bu mövzunu araşdırıram. Hətta hüquq fakültəsində diplom işim üçün “Azərbaycan Respublikasının siyasi-ərazi quruluşunun konstitusion-hüquqi əsasları” mövzusunu seçmişdim ki, “Dağlıq Qarabağ,” Naxçıvan Muxtar Respublikası, Xəzərin hüquqi statusu kimi məsələləri siyasi cəhətdən təhlil edim.

Bunun üçün 90-cı illərdə vəzifədə olmuş bir çox insana yaxınlaşıb, onlardan bəzi məsələləri öyrənməyə çalışmışam və çoxsaylı kitablar, məqalələr oxumuşam.

Münaqişənin Real Həlli Yolları ilə bağlı Planım

20 il ərzində demək olar ki, hər gün münaqişənin bizim xeyrimizə həlli üçün müxtəlif versiyaları beynimdə vizualizasiya edirdim.

Ümumiyyətlə, əksər ekspertlərin ortaq fikri belə idi ki, münaqişənin bizim xeyrimizə həlli üçün şimal qonşumuzun bir imperiya olaraq bölünməsi lazım idi. Yalnız bu halda nəyəsə ümid etmək olardı.

Mənim ssenarim isə belə idi:

  1. Azərbaycan iqtisadiyyatı sürətli inkişaf edir, ordu güclənir, regionda hərbi balans bizim xeyrimizə pozulur və ordumuz sürətli əməliyyat edə biləcək səviyyəyə çatır.
  2. Azərbaycan ordusu qlobal və regional güclərin müdaxilə etməyə şansı olmayacağı bir sürətdə hücuma keçir. Hücumla Cəbrayıl və Füzuli rayonlarının əksər hissəsini və strateji yüksəklikləri ələ keçirir, Ermənistanı və vasitəçiləri fakt qarşısında qoyur. Beləliklə, 1994-cü ildən bəri Ermənistanın üstünlüyü şəraitində keçən danışıqlarda üstünlük bizə keçir.
  3. Erməni xalqı Qarabağ məsələsinə görə hakimiyyətdə saxladığı Koçaryan-Sarkisyan rejimini devirir. Azərbaycanın dövlət qurumları və Qərbin də fürsətdən istifadə etməsi ilə hakimiyyətə zəif bir rejim gəlir.
  4. Azərbaycan tərəfi danışıqlarda tələblərini sərtləşdirir ki, vaxtı uzatsın və növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləsin.
  5. Geosiyasi vəziyyət dəyişir, şimal qonşumuz daxildən zəifləyir.
  6. Fürsətdən istifadə edən ordumuz hücuma keçir, keçmiş Dağlıq Qarabağ regionu ətrafındakı qalan 4 rayonu ələ keçirir, Laçını koridor kimi saxlayır.
  7. Beynəlxalq təzyiqin nəticəsində ordumuz Dağlıq Qarabağ regionuna daxil olmur, Azərbaycan əhalisinin ora sürətli köçürülməsini şərt kimi qoyur.
  8. Azərbaycan əhalisi Dağlıq Qarabağa köçürülməyə başlanır.
  9. 20-30 ilə məqsədli şəkildə etnik tərkib xeyrimizə dəyişir, növbəti geosiyasi vəziyyət yetişən kimi əlavə ərazilər götürülür və s.

Olduqca çətin, amma real potensialı olan ssenari idi.

Planımın İcrası

2016-cı ilin aprelində düşündüyüm ssenari reallaşa bilərdi. Ordumuz sürətli hücuma keçdi. Ehtimal ki, məqsəd geniş əraziləri ələ keçirmək idi, amma sonradan bildiyimiz məlum səbəblərdən nəticə tam ürəyimizcə olmadı. Düşündüyüm ssenari başlayan kimi bitmişdi.

Düşmən ordusu isə gələcək növbəti potensial sürətli hücumlara qarşı tədbirlərini gücləndirdi. Regiondakı hərbi balans isə eyni qaldı. Elə burdaca ümidlərim xeyli itdi, yeni sürətli hücumun reallaşması çətinləşəcəkdi. Düşmən niyyətimizi bilmişdi. Erməni xalqı planladığımın əksinə öz ordusunun və hərbi-siyasi hakimiyyətin ətrafında daha sıx birləşəcəkdi.

Gözlənilməz Regional Dəyişikliklər

2018-də isə gözlənilməz bir fürsət yarandı. Erməni xalqı erməni ordusunun məğlubedilməzliyinə tam inanmışdı. Erməni əhalisi Qarabağın Sarkisyan rejimi və Rusiyanın deyil, məhz “məğlubedilməz” erməni ordusunun hesabına onlarda qaldığına inandı. Qərbin dəstəyi ilə Paşinyan hakimiyyətə gəldi. Ümidlər cücərməyə başladı.

Amma digər məsələ var idi: hərbi balans. Rusiyanın Ermənistandan üz döndərmək ehtimalı artsa da, regionda hərbi balans pozulmamışdı. Kiçik əraziləri belə geri qaytarmaq üçün siyasi riski yüksək olan itkilər vermək lazım olacaqdı, çünki düşmən uzun illər ərzində “keçilməz” müdafiə xətti qurmuşdu.

2020-ci ilin martında Türkiyə ordusu Suriya ordusuna qarşı dronlardan istifadə edərək sürətli, ucuz və olduqca effektiv bir əməliyyat etdi. Bu, dünya hərb tarixində yenilik idi.

Bu əməliyyat bizim üçün göydəndüşmə bir fürsət idi. Elə bu faktor Azərbaycanın qısa müddətdə hərbi balansı öz xeyrinə dəyişməsinə imkan verdi.

Zəfərə Gedən Yol

Bu dövrdə qlobal geosiyasi vəziyyət bizim xeyrimizə dəyişməyə başladı: pandemiya, ABŞ-da seçki kampaniyası və s.

2020-ci ilin sentyabrı bunun üçün ideal fürsət oldu və dövlətimiz bundan məharətlə istifadə etdi. Bu, regiondakı münaqişə ilə bağlı vəziyyəti bizim xeyrimizə dəyişdi.

Bununla belə, bütün ərazilərimiz üzərində suverenliyimiz yox idi. Dağlıq Qarabağ Rusiyanın nəzarəti altında idi. Bunun həmin dövr üçün alternativi yox idi.

Suverenliyin Tam Bərpası

2022-ci ilin fevralında növbəti tarixi fürsət yarandı. Şimal qonşumuz tələyə düşdü və regiona hərbi təsir imkanını itirdi. 2022-2023-cü illərdə ölkəmiz bundan məharətlə istifadə etdi. Nəhayət, bütün ərazilər işğaldan azad olunaraq suverenliyimiz tam bərpa edildi.

Beləliklə, 200 ildən çox müddətdə Qarabağ üzərində oynanılan oyun iflasa uğradı.

Heç vaxt belə bir optimal ssenarini düşünə bilməzdim. Sanki Yaradan hər şeyi düzüb-qoşmuşdu.

Bu qələbə Azərbaycan dövlətinin və Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusunun qələbəsidir. “Mən də informasiya müharibəsində iştirak etmişəm” deyərək qələbədən yalançı pay götürmək lazım deyil. Qəhrəmanlarımız döyüşdə canlarını qurban verərək bu qələbəni əldə ediblər. Kiminsə sosial şəbəkədə ermənilərə acıq verməyi qəhrəmanlarımızın zəhməti ilə müqayisədə heç nədir.

Bayramınız mübarək!

P.S. “Zəngəzur koridoru” bir çoxunuz üçün yeni mövzu ola bilər, amma məsələni regional-tarixi aspektdən araşdırmış adam üçün Prezident İlham Əliyevin həmin bəndi 9 noyabr bəyanatına ustalıqla salması təəccüblü deyildi. 90-cı illərdə prezidentlər arasındakı sülh danışıqlarından az-çox xəbəri olanlar bilir ki, bu məsələ o vaxt fərqli formada olsa da müzakirə olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 Comments

  1. Bu dünyada heç nə nəticəsiz qalmır, necə deyərlər qisas qiyamətə qalmır, bizim torpaq həmişə igidlərlə, dahilərlə zəngin olub. Dünyaca məhşur Sufi alimlərimiz olub onlar ruhların ölmədiyini, möcüzələin olduğuna, bu dünyanın nizamına təsir etdiyinə əmin idilər. Bizim qələbəmiz də belə möcüzələrdəndir, ordumuzun qələbəsi Birinci Qaravağ müharibəsindəki şəhidlərimizin inamı, Allahın istəyi, İkinci Qarabağ müharibəsindəki şəhidlərimizin igidliyi sayəsində oldu. Allah bu qələbə sevincini bizə yaşamağa nəsib etdən şəhidlərimizın ruhunu şad etsin.