Kişi və Qadın Beyni: Hansı Daha Güclüdür?
Əgər araşdırmamın nəticəsini birbaşa görmək istəyirsənsə, aşağıdan “NƏTİCƏ: Kişi Beyni, yoxsa Qadın Beyni?” bölməsinə keçid edə bilərsən.
Niyə Bu Araşdırmanı Etdim?
Şəhriyar Məmmədyarovun şahmatdakı nəticələrlə bağlı fikri kişilərin qadınlardan intellektual olaraq daha üstün olduğu görüntüsünü yaratdı. Məlum intervyudan sonra Azərbaycan media məkanında kişilərin qadınlardan ağıllı olub-olmaması məsələsi geniş müzakirə olundu, efirlərə müxtəlif ekspertlər dəvət olundu, fikirləri dinlənildi.
Hər iki tərəfin mövqeyini bildirmək üçün şairlər, fotoqraflar, filosoflar, feministlər və digər sahələrdən ziyalılar dəvət olundu. Nəticədə, faydalı müzakirələr əvəzinə ucuz və əyləncəli mübahisələrin şahidi olduq.
Hətta debatlarda iştirak edən kişi ekspertlər sonradan çıxışlarını fəxrlə öz sosial media hesablarında paylaşıb “qələbələrini” qeyd etməyə başladı. Bu da təbii ki kişi cinsindən olan insanların rəğbətini qazandı, mübahisələr sosial media məkanında daha bayağı formada davam etdi.
Maraqlıdır ki, bu ekspertlərin içində heç biri beyin eksperti, neyroalim deyildi. Əgər kişilərin qadınlardan daha intellektual olduğu iddia olunursa, bunu sübut etmək üçün sırf bu sahə üzrə ekspertlər dəvət olunmalıydı. Bu müzakirələr zamanı beyin ekspertləri, koqnitiv elm üzrə mütəxəssislərin fikirləri öyrənilmədi. Düzdür, bu sahədə Azərbaycanda ekspertlərin azlığı və ya heç olmaması da səbəblərdən biri sayıla bilər. Bununla belə, yanlış ekspertlərlə müzakirələr faydadan daha çox ziyan verir. Bundan əlavə, müzakirələrdə iştirak edən ekspertlər məsələyə mənsub olduğu cinsi qorumaq mövqeyindən yanaşdırdılar. Əgər hər kəs mənsub olduğu cinsin daha ağıllı olduğunu iddia edəcəksə, bu müzakirələrin nə mənası var?
Müzakirələrin belə getdiyini və cəmiyyətin yanlış istiqamətə yönləndiyini nəzərə alaraq, məsələyə elmi və intellektual yanaşmanı əhatə edən yazı yazmağa qərar verdim. Bundan sonra bu mövzuda gedən istənilən müzakirədə bu yazıma istinad edə bilərsən. Aşağıda qeyd etdiyim hər bir fikir sırf elmə – illərini beyin araşdırmalarına həsr edən tədqiqatçıların fikirlərinə əsaslanıb. 20 il ərzində beyin potensialı ilə bağlı şəxsi araşdırmalarımı da bura əlavə etsək, hesab edirəm ki, aşağıdakı araşdırma kifayət qədər etibarlı sayıla bilər.
Səthi və Aydın Düşüncə
Kişilərin qadınlardan daha ağıllı olduğunu iddia edən insanlar sübut kimi şahmatdakı nəticələri, əksər ölkələrin rəhbərlinin, dünyanın ən varlı adamlarının, tarixi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin kişi cinsindən olduğunu arqument kimi gətirir.
Mən buna ”səthi düşüncə” deyirəm. Elmdə buna həm də birinci səviyyədə düçüncə deyirlər. Yəni ki, ilkin olaraq ağla gələn və ilk baxışdan olduqca inandırıcı görünən əqli nəticənin ardınca getmək, onu müdafiə etmək və bütün sonra faktları ilkin fikrinə uyğunlaşdırmaq.
Təəssüf ki, bizim cəmiyyətdə səthi düşüncə bütün sahələrdə geniş yayılıb. Hər kəs informasiya əldə etməyin asanlığı və “fikir azadlığı” romantikasının təsiri altında istənilən mövzuda fikir yürütməyə haqqının olduğunu düşünür.
Əvvəldən qeyd edim ki, mən iki cinsdən birinin o birindən daha ağıllı olmasının seçilməsinin tərəfdarı deyiləm. Bu, çox ucuz, cəmiyyətimizi geriyə aparan mübahisədir. Amma bir halda ki, mövzu belə qoyulub, istəyirəm ki, mübahisəni cılız müstəvidən elmi müstəviyə qaldıraq. Hər kəs “mənim fikrimcə belədir” düşüncəsiylə öz fikrini bildirsə, mövzu daha çox heç bir əsası olmayan qarşılıqlı ittihamlara çevirilir.
Bu mövzuda gedən müzakirələrə baxsan, görərsən ki, kişilərin mövqeyini müdafiə edən ekspertlərin əksəriyyəti məsələyə daha çox əxlaq nöqteyi-nəzərindən baxırlar. Bu da başa düşüləndir. Digər qrup kişi ekspertlər isə keçmişdə ailə problemləri yaşayan və buna görə qadınları aşağılamaq niyyətiylə müzakirəyə daxil olanlardır. Bu isə həqiqəti üzə çıxarmağa imkan verir. Qarşı tərəfdən həmin ekspertlərin fikirlərinə elmi şəkildə cavab verən ekspertlər olmadığından həqiqəti üzə çıxarmaq mümkün olmur.
Mən məsələyə kişi instinktimin təsiri altında, səthi düşüncə ilə deyil, beyin elmini 20 il ərzində araşdıran, yarışlarda və digər sahələrdə mütəmadi olaraq tətbiq edən bitərəf araşdırmaçı kimi yanaşacam.
İstərdim ki, ilk olaraq cəmiyyətdə bu müzakirələr zamanı edilən mühakimə səhvlərinə baxaq.
Yanlış Müqayisə Metodları
Bir halda ki, bir cinsin beyninin o birindən daha ağıllı olduğu iddia olunur, bunu ölçülə bilən meyarlarla etmək lazımdır. Yəni ki, “mənim fikrimcə” ilə yox, bu sahə üzrə ekspertlərin, elmi institutların etdiyi müxtəlif testlərlə müqayisə etmək lazımdır. Əks təqdirdə, müzakirənin sonu olmayacaq.
Efirlərdəki müzakirələrin nəticəsiz qalmasının əsas səbəbi müqayisənin yanlış metodlarla aparılması oldu. Gəl həmin səhvlərə baxaq.
Statistik tələlər
Kişi-qadın beyninin müqayisəsi burdan başladı. Şəhriyar öz intervyusunda bir statistikaya istinad etdi və onun nəticəsində əqli mühakimə yürütdü. Əksəriyyət həmin fikri bildirən insanın şəxsiyyətinə (dünyanın ən güclü şahmatçılarından biri kimi) kökləndi. Ondan sonra hər kəs həmin çıxışı əsas götürüb öz arqumentlərini gətirdi.
Şəhriyarın intervysundan sonra insanların tez-tez səsləndirdiyi statistik tələyə baxaq: “Şahmatda qadınların reytinqində ilk 100-lükdə olanların xalı kişilərin ilk 100-lüyündəkilərin xalı ilə müqayisədə ciddi dərəcə aşağıdır. Əgər ümumi reytinq hazırlsansa, ilk 100-lüyə bir qadın ya düşər, ya düşməz. Nəzərə alsaq ki, şahmat intellektual oyundur, deməli, statistikadan görsənir ki, kişilər qadınlardan daha intellektualdır.”
Bu, cəmiyyətimizdə ən çox istifadə olunan metoddur. Bu yanaşma bəzi sahələrdə faydalı olsa da, bir çox hallarda yanlış nəticələrə gətirib çıxarır – elə bizim mövzuda da. İlk baxışdan statistik yanaşma etibarlı görsənir, amma dərinə getdikdə görürük ki, burda bir çox məsələlər geri planda qalır: şahmatda iştirak edən qadınların sayının kişilərə nisbətdə azlığ, qadınların və onların ailələrinin şahmatla bağlı öz maddi gələcəklərini görə bilməməsi, şahmat oyununun təbiət etibarilə kişi ruhuna daha uyğun olması və s.
Bu yanaşma ilə getsək, çoxsaylı yanlış nəticələrə gəlib çıxa bilərik. Məsələn, Azərbaycanda və dünyada indiyədək korrupsiya cinayətləri üzrə cinayət məsuliyyətinə cəlb olunanların böyük əksəriyyəti kişilərdir. Deyə bilərikmi “Kişilər təbiəti etibarilə qadınlardan 10 dəfə daha rüşvətxor doğulublar?” Əlbətti ki yox, çünki burada digər faktorları da nəzərə almalıyıq. Statistika ümumi müqayisənin bir parçası olarsa, faydalı ola bilər. Əks təqdirdə, yanlış nəticələrə gətirib çıxarır.
Məntiq tələləri
Efirdəki çıxışlara baxsan, görərsən ki, çıxış edən ekspertlər öz mövqelərinə güc qazandırmaq üçün “dəfələrlə sübut olunub ki”, “bunu elm də sübut edib ki”, “bunu hamı bilir ki” kimi ifadələr işlədirlər. Bunlar məntiq tələləridir. Əgər bir məsələ ilə bağlı elmə və ya cəmiyyətin mövqeyinə istinad edirsənsə, onun mənbəyini göstərməyin lazımdır. Əks təqdirdə, hər kəs öz istədiyi fikri iddia edə bilər. Elmin adından söylənilən hər bir iddia ölçülə bilən, yoxlanıla bilən olmalıdır. Belə olmayanda onlar etibarsız sayılır. Kişi-qadın intellektinin müqayisəsi ilə bağlı efirdə müxtəlif ictimai xadimlərin elmin adından dedikləri fikirlərin əksəriyyəti sübut olunmayıb.
Məqsəd
Bu mövzu üzrə efirlərdə çıxış edən ekspertlər əvvəldən konkret mövqe seçərək müzakirəyə qoşulmuşdular. Hər iki tərəfin bir əsas məqsədi var idi – “qalib gəlmək”. Fərq etməz, elmi sübutlarla, səs tonu ilə və ya digər yollarla. Heç kəsin məqsədi həqiqəti üzə çıxarmaq deyildi, sadəcə instinktiv olaraq mövqeyini qorumaq idi.
Yalnız bir mənbəyə istinad etmək
Elmdə bir çox məsələlərdə vahid fikir yoxdur. Ona görə də bir yox, bir necə etibarlı mənbəyə istinad edib nəticəyə gəlmək lazımdır.
Elmə yanlış istinadlar
Müzakirələrdə tez-tez “Ən qədim insan ova gedəndə qadınlar evə oturub”, “Qadınlar gözəldir, ta qədimdən kişilər onların uğrunda mübarizə aparır” tipli çıxışları müşahidə edə bilərsən. Bu yanaşma son dövrlərdə daha geniş yayılıb. Yəni ki, qədim insanın həyat tərzinə, beyninə istinad edib nəticə çıxarmaq. Bu cür istinadlar həmin insanın fikrinə etibarlılıq qatır, həmin insanı daha məlumatlı və elmi əsaslı göstərir. Bəli, qədim insanı araşdırmaq bizə xeyli faydalı məlumatlar verir. Ancaq problem odur ki, həmin iddiaların çoxusu tam sübut olunmayıb, çünki fərqli dövrlərdə cinslər arasında dominantlıq səviyyəsi fərqli olub. İkincisi də ki, həmin istinadların heç biri intellektlə bağlı deyil. Yəni ki, qədimdə kişinin ova getməsi, qadının yemək bişirməsi kimi fikirlər müasir dövrdə bir cinsin o birindən daha ağıllı olmasının sübutu deyil. Bunu sübut etmək üçün sırf intellekt üzərindən edilən araşdırmalara baxmaq lazımdır.
13 Göstərici üzrə Müqayisə:
İndi isə elmi müqayisəyə başlayaq. Ölçülə bilən olsun deyə, insan intellektinin gücünü göstərən 13 meyar ayırmışam. Hər meyar üzrə hər iki cinsin beynini müqayisə edəcəyik. Nəticədə qalibi müəyyənləşdirəcəyik.
Müqayisə meyarlarının seçiminə gəlincə. Zəka üzrə ən məşhur araşdırma Harvard Universitetinin psixoloqu Hovard Qardner tərəfindən aparılıb. Onun fikrincə insanda hər biri eyni dərəcədə əhəmiyyətli olan 8 zəka növü var. Sonradan beyni elmi tərəfindən bura 2 zəka növü də əlavə olunub. 10 zəka növü aşağıdakılardır:
- Məntiqi zəka (IQ);
- Verbal zəka;
- Məkan zəkası;
- Musiqi zəkası;
- Kinestetik zəka;
- Sosial zəka;
- Emosional zəka;
- Təbiət zəkası;
- Yaradıcı zəka;
- Ruhani zəka.
Hesab edirəm ki, 10 zəka növü üzrə müqayisə ən düzgün müqayisə metodu sayıla bilər. Bundan əlavə, insan beyni üçün əhəmiyyətli olan 3 meyarı da əlavə etmişəm:
- Vizualizasiya;
- İntuisiya;
- Yaddaş.
Əlavə etdiyim 3 meyarın hər biri yuxarıdakı 10 zəka növündən birinə daxi edilə bilər. Bununla belə, onların əhəmiyyətini nəzərə alaraq, hər birini ayrıca qiymətləndirməyi düzgün hesab edirəm.
Qalibi belə müəyyən edəcəyik. Toplam 13 meyarımız var. Hər meyar üzrə elmi araşdırmalara baxacağıq. Nəticədə, qalib cins müəyyən olunacaq. Hər meyar üzrə elmi araşdırmaların bəzilərinə istinad edəcəm ki, maraqlanan oxucular əlavə məlumat ala bilsinlər.
Əgər aşağıdakı elmi izahları oxumağa vaxtın yoxdursa, birbaşa nəticə hissəsinə keçib hansı cinsin qalib gəldiyini öyrənə bilərsən.
1. Məntiqi zəka (IQ)
İnsan zəkasını müəyyən edərkən ən çox istifadə olunan meyar budur. Bu, məntiqi düşünmə və riyazi problemləri həll etmək bacarığıdır. Məşhur IQ testləri də əsasən bu zəkaya əsaslanlr.
Burda əsas ölçü meyarları rəqəmlər və məntiqdir.
IQ Azərbaycanda da ən çox istifadə olunan metoddur. Hətta dövlət qurumlarına, vəkilliyə, müxtəlif təhsil pillələrinə qəbul zamanı sualların əksəriyyəti məntiq sualları olur. Yəni ki, dövlətimiz məntiq suallarıyla daha ağıllı insanlar seçdiyini düşünür.
Araşdırmaların əksəriyyəti kişi və qadınlarda IQ səviyyəsinin eyni olduğunu, kişilərin bəzən daha üstün nəticə göstərdiyini bildirir. Bəzi tədqiqatlar kişilərin öz aralarında IQ göstəricilərində ciddi fərq olduğunu göstərir. Yəni ki, bir qrup kişilər qadınlardan daha yaxşı nəticə göstərsə də, digər qrup kişilər isə qadınlardan olduqca aşağı nəticə göstərib. Belə çıxır ki, kişilərin öz aralarında IQ baxımından ciddi fərq var. Qadınlarda isə IQ stabildir, onların bir-biriylə aralarındakı fərq aşağıdır.
Bu, o deməkdir ki, IQ-sü 140+ olan (dahilik səviyyəsi) kişilərin sayı IQ-sü 140+ olan qadınlardan daha çoxdur. Lakin, IQ-sü 50 (aşağı səviyyə) olan kişilərin də sayı qadınlardan daha çoxdur.
Son dövrlərdə aparılan etibarlı araşdırmalar kişilərin IQ səviyyəsinin qadınlardan ortalama 4 xal daha üstün olduğunu göstərir. İndiyə kimi ekspertlər kişilər və qadınların IQ səviyyəsində mövcud olan kiçik fərqləri əsasən ətraf mühit və sosial amillərlə izah edirdilər. Bununla belə, son testlər burada kişilərin qadınlardan hər bir halda üstün olduğunu göstərir.
Əlimizdəki mövcud elmi araşdırmalar ilə bu meyar üzrə kişi beyni daha üstündür.
Kişi beyni 1 – 0 Qadın beyni
İstinad:
2. Verbal zəka
Bu zəka növü həm şifahi, həm də yazılı dil vasitəsilə özünü effektiv şəkildə ifadə etmək bacarığıdır. Bu, ana dili və xarici dilləri öyrənmək, fikri çatdırmaq və linqvistik bacarıqları əhatə edir.
Burda iki əsas meyar var: sözlər və dil.
İfadələri və ya sitatları yadda saxlamaq sənin üçün asandır? Söz oyunlarından zövq alırsan? Debatlarla maraqlanırsan? Dilləri öyrənmək sənin üçün asandır? Oxumağı sevirsən?
Əgər bu suallara “hə” cavabını vermisənsə, deməli bu tip zəka səndə yüksəkdir.
Bu zəka növünə aid elementlər üzrə əksər ekspertlərin fikri üst-üstə düşür. Hamıya maraqlı olsun deyə, burda əsasən xarici dilləri öyrənmək bacarığı haqqında yazacam.
Hansı cinsin xarici dili daha yaxşı öyrənməsi ilə bağlı çoxsaylı elmi araşdırmalar var. Bu elmi araşdırmaların heç biri kişilərin üstün olduğunu göstərmir. Bir çox tədqiqatlar isə qadınların xarici dili kişilərdən daha yaxşı öyrənməsi barədə qənatə gəlib. Bu, əslində ağlabatandır. Qadınlar beyin korteksinin sağ və sol tərəflərindəki müxtəlif funksiyalardan daha çox istifadə edir.
Beyin korteksi iki yarımkürəyə bölünür: sol (əsasən məntiq, mülahizə və təhlili idarə edir) və sağ (musiqi, vizual və qeyri-dil proseslərini idarə edir). Təcrübəyə görə, kişilər danışarkən beynin yalnız bir yarımkürəsini, qadınlar isə hər ikisini istifadə edir. Belə ki, kişilərlə müqayisədə qadınlar daha yaradıcı və öyrənməyə meylli olurlar. Kişilər təsvir və eşitmə ilə daha yaxşı öyrənirlər, qadınlar isə dilləri daha effektiv şəkildə emal edirlər. Xüsusilə də şifahi qabiliyyətlər və müxtəlif öyrənmə strategiyalarından geniş istifadə etmək bacarığı qadınlara xarici dil öyrənməkdə müəyyən üstünlüklər verir.
Hətta ana dilini öyrənmədə belə qadın cinsinin təbii üstünlüyü var.
Bu fərqlər mütləq deyil. Hər iki cinsin ana və xarici dilləri yüksək səviyyədə öyrənmək potensialı var. Bununla belə, bu sahədə qadınların üstünlüyü nəzərəçarpacaq dərəcədədir. Bu meyar üzrə qadın beyni daha üstündür.
Kişi beyni 1 – 1 Qadın beyni
İstinad:
- Boys’ And Girls’ Brains Are Different: Gender Differences In Language Appear Biological
- Women are better at learning languages than males, right?
- Sex differences in neural processing of language among children
3. Məkan zəkası
Bu, zehni olaraq 3D model yaratmaq bacarığıdır. Məkan zəkası dünyanı və obyektləri müxtəlif perspektivlərdən müşahidə etməyə və ideyaları qrafik şəkildə təsvir etməyə imkan verir.
Burda əsas meyarlar bunlardır: şəkillər və məkan.
Qrafikləri və sxemləri şərh etmək sənin üçün asandır? Kiçik olduğunu zaman getdiyin yerləri görəndə tanıyırsanmı? ”Məni 10 il qabaq getdiyim şəhərə qaytar, sənə hər yeri göstərim” deyə düşünürsən? Hansısa mövzu barədə düşünən zaman qələminlə dəftərdə cızma-qara edirsən (məs., universitetdə darıxdırıcı mühazirələr olanda)? Bir obyektin fərqli bir perspektivdə necə görünəcəyini asanlıqla təsəvvür edə bilirsən? Xəritəni asanlıqla oxuya bilirsən?
Əgər bu suallara “hə” cavabını vermisənsə, deməli bu tip zəka səndə yüksəkdir.
Elmi araşdırmalar göstərir ki, kişilər qadınlardan daha üstün məkan bacarığına malikdir. Bunu yoxlamaq üçün edilən “əkizlər tədqiqatları” sübut edir ki, kişi əkizləri olan qadınlar zehni fırlanma tapşırığında qadın əkizləri olan qadınlardan daha yaxşı nəticə göstərirlər. Əkiz Testosteron Transferi nəzəriyyəsinə görə, bu üstünlük testosteronun kişilərdən qadınlara uşaqlıqdaxili ötürülməsi ilə bağlıdır.
Demək olar ki, bütün testlər kişilərin məkan intellektinin qadınlardan nəzərəçarpacaq dərəcədə üstün olduğunu göstərir. Bu zəka növü üzrə kişi cinsinin açıq üstünlüyü var.
Kişi beyni 2 – 1 Qadın beyni
İstinad:
4. Musiqi zəkası
Bu, musiqi səslərini qavramaq, ayırd etmək, dəyişdirmək və ifadə etmək bacarığıdır. Bura istənilən musiqi növündə oxumaq, alətlərdə ifa etmək, orkestrə rəhbərlik etmək, musiqi bəstələmək, musiqiyə qiymət vermək kimi qabiliyyətlər daxildir. Bu, həm də musiqini dinləmək və qiymətləndirmək bacarığını da əhatə edir.
Burda əsas meyarlar bunlardır: musiqi, səslər və ritm.
Bu barədəki araşdırmalar göstərir ki, hər iki cins musiqinin müxtəlif elementlərində müəyyən üstünlüklərə mailkdir. Ümumi olaraq isə bir cinsin digərindən daha yüksək musiqi zəkasına malik olduğunu göstərən heç bir güclü dəlil yoxdur. Musiqi qabiliyyətinin spesifik aspektlərində müşahidə olunan bəzi fərqlər adətən kiçikdir və daha çox mədəni, sosial və təhsil amilləriylə bağlıdır. Həm kişilər, həm də qadınlar düzgün imkanlar və şərait yaradıldıqda musiqidə xaliqələr göstərmək potensialına malikdirlər.
Bu meyar üzrə hər iki cins bir xal qazanır.
Kişi beyni 3 – 2 Qadın beyni
İstinad:
5. Kinestetik zəka
Bu, bədən hərəkətlərini idarə etmək, əlaqələndirmək və onunla hissləri ifadə etmək bacarığıdır.
Bu zəka ilə əlaqədar əsas qabiliyyətlər əşyalar üzərində bədən nəzarəti və zehni olaraq fiziki məkanı ölçmək bacarığıdır.
Bu zəka növü üzrə elmi araşdırmalar çox azdır. Bir cinsin digərindən kinestetik zəkada üstün olmasının elmi cəhətdən sübutu yoxdur. Həm kişilər, həm də qadınlar tez-tez bioloji, mədəni və ətraf mühit amillərindən asılı olaraq bədən-kinestetik zəkanın müxtəlif sahələrində üstünlüklər nümayiş etdirirlər.
Bədən-kinestetik zəkanın müxtəlif elementləri üzrə müqayisə aparsaq, hər bir cinsin müəyyən elementdə üstün olduğunu görərik. Odur ki, burda hər iki cins bir xal qazanır.
Kişi beyni 4 – 3 Qadın beyni
İstinad:
- Sex-related differences in motor learning and performance
- Sex Differences in Intelligence
- Gender Differences in Fundamental Motor Skills Proficiency in Children Aged 3–6 Years: A Systematic Review and Meta-Analysis
6. Sosial zəka
Sosial zəka digər insanları empatik şəkildə anlamaq qabiliyyətidir. Sosial zəka gündəlik həyatda çox vacibdir. Bu zəkanın inkişafı dost seçiminə, insanlarla ünsiyyətə, eləcə də işdə və ya təhsildə uğura təsir edir.
Burda əsas bacarıq budur: digər insanları duymaq.
Bu zəka növü peşəkar satış agentləri, siyasətçilər, müəllimlər və ya terapevtlərdə yüksək olur.
Araşdırmalar göstərir ki, qadınların sosial zəkası daha yüksəkdir. Ona görə də strateji-hərbi ideologiyanın vacib olmadığı Avropa Birliyi və digər mütərəqqi qərb ölkələrində rəhbər vəzifələrdə və siyasətçilər arasında qadınların sayı və uğuru getdikcə artır.
Həm kişilər, həm də qadınlar müxtəlif amillərdən, o cümlədən şəxsi təcrübələrindən və ictimai təsirlərdən asılı olaraq sosial zəkanı yüksək səviyyədə inkişaf etdirə bilərlər. Bununla belə, əksər araşdırmalar bu zəka növündə qadınların üstün olduğunu göstərir.
Kişi beyni 4 – 4 Qadın beyni
İstinad:
- Gender Difference in Interpersonal Intelligence: A Meta-Analysis
- Boys’ And Girls’ Brains Are Different: Gender Differences In Language Appear Biological
- Sex differences in neural processing of language among children
7. Emosional zəka
Emosional zəka hislərimizlə bağlıdır. O, bizim düşüncələrimizi və hisslərimizi ehtiva edir. Əgər sosial zəka başqalarını başa düşməyə və onlarla işləməyə imkan verirsə, emosional zəka insanın özünü anlamasına və özü ilə daha yaxşı ünsiyyət qurmasına imkan verir.
Burda əsas bacarıqlar bunlardır: hislər, özünüanlama.
Araşdırmalara əasən, qadınlar aşağıdakı elementlər üzrə kişilər üzərində nəzərəçarpacaq üstünlüyə malikdirlər:
- Empatiya;
- Sosial bacarıqlar
- Emosional fərqindəlik və özünüifadə;
- Hisləri idarə etmə bacarığı;
- Mədəni və sosial təsiretmə bacarığı.
Bu zəkadan effektiv istifadə şəxsən mənim üçün çox vacibdir. Çünki yaddaş yarışlarında uğur qazanmaq üçün məntiqi və emosional zəkamı balanslı istfadə etməliyəm. Bəzi ekspertlərin fikrincə, emosional zəka müasir dövrdə uğur qazanmaq üçün ən vacib zəka növüdür.
Həm kişilərin, həm də qadınların yüksək emosional zəka inkişaf etdirmək şansları olsa da, əksər araşdırmalar qadınların emosional zəkasının kişilərdən daha üstün olduğunu göstərir. Bu zəka növündə qadın beyni növbəti xalını qazanır.
Kişi beyni 4 – 5 Qadın beyni
İstinad:
- Gender Difference in Interpersonal Intelligence: A Meta-Analysis
- Sex differences in emotional intelligence
- New Research Shows Women Are Better at Using Soft Skills Crucial for Effective Leadership and Superior Business Performance, Finds Korn Ferry
8. Təbiət zəkası
Bu, ətraf mühit elementlərini, obyektləri, heyvanları və bitkiləri anlamaq, ayırmaq, təsnif etmək və istifadə etməyi nəzərdə tutur.
Burda əsas meyar budur: ətraf mühit.
Bioloqlar, botaniklər, zooloqlar, ekoloqlar və kənddə yaşayan insanlar daha yüksək təbii intellektə malik olurlar.
Bu zəka növü üzrə bəzi araşdırmalar qadınların, bəziləri isə kişilərin üstün olduğunu göstərir. Hər iki tərəf 1 xal qazanır.
Kişi beyni 5 – 6 Qadın beyni
İstinad:
9. Yaradıcı zəka
Bu, ixtira etmək, tərtib etmək, eləcə də orijinal düşüncələrə, konstruktiv təxəyyülə, fərqli düşüncələrə və ya yaradıcı düşüncəyə sahib olmaq qabiliyyətidir. Yaradıcı zəka yeni ideyalar, konsepsiyalar yaratmağa, həmçinin mövcud ideyalar və konsepsiyalar arasında yeni assosiasiyalar qurmağa imkan verir ki, bu da adətən orijinal həllərə gətirib çıxarır.
Müasir dövrdə innovasiyaların rolunu nəzərə alaraq bu zəka növü xüsusilə əhəmiyyətlidir.
259 müstəqil tədqiqatın onilliklər ərzində topladığı məlumatlar yaradıcı fəaliyyətlərdə kişilərin qadınlardan daha üstün olduğunu göstərir. Deməli, kişilər daha yaradıcı zəkaya malikdirlər. Bu, o demək deyil ki, qadınlar innovasiya edə bilməzlər. Aradakı fərq cüzidir. Sadəcə olaraq, kişilərin bu sahədə şansları daha çoxdur ki, bunun da dərin bioloji-psixoloji səbəbləri var.
Cüzi fərqlə də olsa, bu meyar üzrə kişi beyni daha üstündür.
Kişi beyni 6 – 6 Qadın beyni
İstinad:
- Aspects of Sex Differences: Social Intelligence vs. Creative Intelligence
- Gender Differences in Creativity
- Even Women Think Men Are More Creative
10. Ruhani zəka
Bu zəka növü enerji və materiyanı anlamaqdan ibarətdir. Ruhi zəka transsendental düşüncə, müqəddəslik, ruhani davranışlarla bağlı mövzuları başa düşmə qabiliyyətini ehtiva edir. Ruhani zəka insana minnətdarlıq, təvazökarlıq, şəfqət, bağışlanma, bir bütünün hissəsi olduğumuzu başa düşmək kimi ruhani məsələlərdə kömək edir.
Burda əsas meyarlar bunlardır: etika, həyat dəyəri və din.
Bir cinsin digərindən daha yüksək ruhani intellektə malik olduğunu təqsdiqləyən heç bir sübut yoxdur. Dini və mənəvi təcrübələrdə iddia olunan fərqlər daha çox mədəni, sosial və şəxsi amillərdən qaynaqlanır.
Bu zəka növünü ölçmək də çətindir. Ona görə də burda hər iki tərəf 1 xal qazanır.
Kişi beyni 7 – 7 Qadın beyni
İstinad:
11. Vizualizasiya
Böyük kəşflərin özülündə məhz bu qabiliyyətin böyük rolu var, ona görə də bunu ayrıca qiymətləndirməyi zəruri hesab edirəm.
Vizualizasiya bacarıqlarının bəzilərində kişi beyni, bəzilərində isə qadın beyni üstündür. Bütün araşdırmalar cinslər arasında bu meyar üzrə şansları eyni göstərir. Bununla belə, vizualizasiyanın mənim üçün vacib olan bəzi komponentlərində kişi beyni daha üstündür. Bu, ilk növbədə zehni rotasiya, məkan qavrayışı və naviqasiya kimi fəza bacarıqları ilə bağlıdır ki, əksər tədqiqatlar burada kişi beynin daha üstün olduğunu göstərir.
Ola bilsin ki, bu meyar üzrə bir az subyektiv davranmış kimi görünə bilərəm, ancaq yuxarıda qeyd etdiyim səbəblərə görə kişi beyni burda daha üstündür.
Kişi beyni 8 – 7 Qadın beyni
İstinad:
- Gender Differences in Large-Scale and Small-Scale Spatial Ability: A Systematic Review Based on Behavioral and Neuroimaging Research
- Gender-Role Differences in Spatial Ability: A Meta-Analytic Review
12. İntuisiya
İntuisiya mənim üçün olduqca vacib bacarıqdır. Hesab edirəm ki, məntiq bir çox işlərdə bizə ciddi kömək etsə də, intuitiv düşüncə ilə məntiqin yetişə bilmədiyi yerlərə çatmaq olur. Burada məsələ məişət səviyyəsində başa düşülən intuisiyadan, yəni ki nəyisə sezməkdən yox, şüuraltı səviyyədə əldə olunan məlumatlardan və istiqamətlərdən gedir.
Məntiq və intuisiya ilə bağlı Albert Eynşteynin aşağıdakı sitatına çox istinad edirəm:
“İntuitiv zəka müqəddəs bir hədiyyədir, rasional zəka (məntiq) isə sadiq qulluqçudur. Biz qulluqçuya hörmət edən, hədiyyəni isə unudan bir cəmiyyət qurmuşuq.”
Yuxarıdakı sitatı müasir Azərbaycan cəmiyyətində də aid etmək olar.
Eynşteynin də qeyd etdiyi kimi, intuisiya böyük irəliləyişlərə gətirib çıxarır, məntiq isə yalnız faktlar olduqda irəliləyişlər edə bilirl.
Araşdırmaların əksəriyyəti qadınlarda intuisiyanın daha güclü olduğunu göstərir. Bu meyar üzrə qadın beyni üstündür.
Kişi beyni 8 – 8 Qadın beyni
İstinad:
13. Yaddaş
Nəhayət, gəldik yaddaş mövzusuna.
Ümumilikdə, tədqiqatlar göstərir ki, qadınlar epizodik yaddaş tapşırıqlarında, xüsusən də təfərrüat tələb edən və emosional xatırlamalarda üstün olurlar. Kişilər isə hansısa ərazidə naviqasiya etmək və məlumatları xatırlamağı tələb edən yaddaş tapşırıqlarını daha yaxşı yerinə yetirirlər. Buna həm də cinsindən asılı olmayaraq bioloji, nevroloji, mədəni və digər amillər də təsir edir. Həm kişilər, həm də qadınlar müxtəlif sahələrdə güclü yaddaş qabiliyyətlərini inkişaf etdirmək qabiliyyətinə malikdirlər.
Son dövrlərin araşdırmaları göstərir ki, qadınların təbii yaddaşı kişilərdən daha yaxşıdır. Sağlam yaşlanmış beyni olan qadınlar orta yaşda və daha yuxarı yaşlı yaşlarda belə kişilərdən üstün olmağa davam edirlər. Bəzi tədqiqatlar isə göstərir ki, qadınlar hətta uşaqlıq yaşlarında yaddaş funksiyasında kişilərdən daha üstündürlər. Bu, xüsusilə şifahi yaddaşa aiddir.
Bəs yaddaş yarışlarında necə?
Son illərə qədər yaddaş yarışlarında kişilərin açıq-aşkar üstünlüyü var idi. Şahmatda olduğu kimi, qadınların kişilərlə mübarizə aparmaq şansı az görünürdü və bu, normal hal sayılırdı. 2017-ci ildən isə vəziyyət dəyişməyə başladı. Həmin ilin Dünya Çempionatında qadınlar 2-ci və 3-cü yerləri götürdülər, hətta paralel keçirilən Dünya Çempionatında qalid oldular.
Növbəti illərdəki dünya çempionatlarında Şimali Koreyadan, Monqolustandan və Pakistandan olan xanımlar dünya çempionu oldular və müxtəlif dünya rekordları qırdılar.
Sonuncu Dünya Çempionatında isə 10 qızıl medalın 6-sını qadın atletlər qazandı. Əgər bu sətirlərin müəllifi 2 qızıl medal almasaydı, qadınlar toplam 8 qızıl medal götürmüş olacaqdı.
Həmin Dünya Çempionatında 2 Dünya Rekordu qırıldı. Bir rekordu (Şəkillər kateqoriyasında) Vyetnamlı xanım, digərini (1 saatlıq Rəqəmlər) isə mən yenilədim. Dünya Yaddaş Yarışlarındakı əsas 20 rekordun 9-unu xanımlar qırıb. Maraqlısı odur ki, 1 saatlı rəqəmlərdə rekordu mən qırmasaydım, geridən gələn Monqolustanlı qadın atletin nəticəsi Dünya Rekordu sayılacaqdı və rekordlarda da hesab 10:10 olacaqdı. Görünür, kişi beyninin “qürurunu” qorumaq mənim öhdəmə düşüb. 🙂
Qadınların nəinki təbii yaddaşı güclüdür, onlar hətta yaradıcı yaddaşlarını kişilər kimi məşq etdirdikdə onlarla bərabər şanslarla yarışa, hətta önə keçə bilirlər. Hələ onu da nəzərə almaq lazımdır ki, yarışlarda iştirak edən qadınların sayı kişilərin sayından dəfələrlə azdır. Say nisbətində qadınların nəticələri daha yüksəkdir.
Yaddaş yarışlarda müəyyən bərabərlik müşahidə olsa da, ümumi yaddaş göstəricilərində qadın beyni daha üstündür.
Kişi beyni 8 – 9 Qadın beyni
İstinad:
- The Role of Sex in Memory Function: Considerations and Recommendations in the Context of Exercise
- Women do have better memories than men, says study
- Women have a better memory than men in middle age, but decline faster
NƏTİCƏ: Kişi Beyni yoxsa Qadın Beyni?
Hər biri eyni dərəcədə əhəmiyyətli olan 13 meyar üzrə müqayisədə qalib bir xal fərqlə üstün qadın beyni oldu.
Bu, o deməkdirmi ki, qadınların beyni kişilərin beynindən daha güclüdür? Cavab vermək asan deyil.
Amma bir məsələ qətidir: Kişilər qadınlardan ağıllı deyil.
Əgər elmi araşdırmalar nəticəsində iki cinsdən birini qalib seçməli olsaq, cüzi fərqlə də olsa, qadın beyni qalib gələrdi.
Deyə bilərsən ki “Hər zəka növünün insan üçün əhəmiyyəti eyni deyil axı”. Məsələn, bəziləri iddia edə bilər ki, IQ, yəni məntiqi zəka və yaradıcı zəka digər zəka növlərindən daha vacibdir. Bu iki kateqoriyada isə kişi beyni qadın beyninə nisbətdə daha güclüdür. Qadınlar isə emosional və sosial zəka kimi nə olduğu bilinməyən zəka növlərində güclüdürlər. Bunların hərəsinə görə 1 xal vermək nə dərəcədə ədalətlidir?!
Bu, yanlış yanaşmadır. Çünki bu 10 zəka növü və 3 faktor hamısı birlikdə sinerji yaradıb ümumi intellekti formalaşdırır. Məsələn, yaddaş yarışlarında qalib gəlmək üçün sənin məntiqi, yaradıcı və emosional zəkan güclü olmalıdır. İlk baxışdan, kişilərin burada üstünlüyü var – məntiqi və yaradıcı zəka kimi “həlledici zəka növlərin”də kişilər, emosional zəkada isə qadınlar üstündür. Yəni kişilər asanlıqla qalib gəlməliydi. Ancaq elə olmur. Yaddaş və uğur qazanmaq üçün emosional zəka olduqca vacibdir. Qadınlar emosional zəkalarından effektiv istifadə edib öz məntiqi və yaradıcı zəkalarına güc verdikdə, onların qarşısında dayanmaq çox çətin olur.
Araşdırmanın nəticəsini başqa bir cümlə ilə yenidən yazım:
İntellektual cəhətdən kişi beyni ilə qadın beyni arasında üstünlük baxımından heç bir fərq yoxdur. Bir tərəfi üstün seçməyə məcbur olsaq, bu, qadın beyni olardı.
Məqsədim hansı cinsin daha ağıllı olmasını göstərib onun qələbəsini qeyd etmək deyil. Əsas məqsəd cəmiyyətdə fərqindəlik yaratmaqdır. Təsəvvür et, kişilərlə eyni, bir çox hallarda isə daha yüksək intellektual potensiala malik nə qədər xanımlarımız öz potensialını üzə çıxara bilmirlər.
Şəxsən mənim qadınlardan ağıllı olmaq və ya ağıllı olduğumu sübut etmək kimi fikrim də yoxdur. Belə iddialar və müzakirələr mənə çox əhəmiyyətsiz gəlir. Bəli, bir Azərbaycan kişisi kimi mən də instinktiv olaraq ailədə və digər münasibətlərdə şüuraltı olaraq qadınlardan daha üstün olmaq istəyərdim, amma bunun intellektual üstünlük adı ilə pərdələməyi də Azərbaycan kişisinə yaraşdırmıram.
Qeyd etdiyim kimi, kişi beyni ilə qadın beyni arasında intellekt baxımından ciddi fərq yoxdur. Bu, müxtəlif amillərdən asılı olaraq dəyişir. Aradakı təbii fərqin isə insanın həyatına ciddi təsiri yoxdur. Belə düşün: Sən öz beyin potensialının neçə faizindən istifadə edirsən? Şərti olaraq 1% götürək (əslində ondan da azdır). Fərz edək ki, qadınlar kişilərdən 1% daha ağıllıdır və ya əksinə. Kimin cüzi fərqlə daha ağıllı olduğunu düşünmək əvəzinə, istifadə etdiyin 1%-i inkişaf etdirib 10%-ə qaldırmaq uğrunda çalışmaq daha effektiv olardı.
Hər kəsin beynində istifadə etmədiyi böyük bir potensial var. Cinsindən asılı olmayaraq öz zehni potensialı üzərində işləyən istənilən insan başqalarıyla arasında olan cüzi fərqi qısa zamanda aradan qaldıra bilər. Əgər bir qadın kişilərdən daha az ağıllı olduğunu düşünürsə, bir az öz üzərində işləməklə o fərqi rahatlıqla aradan qaldırıb, dəfələrlə daha zəkalı ola bilər.
Bu, sənə də aiddir. Hesab edirəm ki, sənin də hədəfin doğuşdan kimdənsə ağıllı olduğunu sübut etmək yox, beynindəki zəngin potensialdan bacardıqca daha çox istifadə etmək olmalıdır. Sən qarşı cinsə ondan daha ağıllı olduğunu sübut etməyə sərf etdiyin vaxtda həmin cins öz üzərində işləyibsə, yəqin ki səni artıq geridə qoyub.
Azərbaycanda Vəziyyət Necədir?
İndi isə gələk Azərbaycandakı vəziyyətə. Yəqin ki, kişilərin qadınlardan daha ağıllı olduğunu və bunun Yaradan tərəfindən belə yaradıldığını iddia edən millətlərin önündə gələrik. Bu, həqiqətən belədirmi? Gəlin, baxaq.
Deməli, yuxarıdakı müqayisədən və araşdırmalardan əmin olduq ki, kişilərin qadınlardan daha ağıllı olması barədə fikir əsassızdır və beynin strukturundan anlayışı olmayan insanlar tərəfindən müxtəlif niyyətlərlə ortaya atılıb. Bu qənaət heç bir elmi əsaslandırmaya yox, sırf emosional-sosioloji səbəblərə əsaslanıb.
Yuxarıdakı müqayisənin nəticəsini (bir az üstün olmaqlarını) şərti olaraq kənara qoyaq və fərz edək ki, kişi və qadın beyni intellektual olaraq eynidir.
Bəs Azərbaycan reallığında vəziyyət necədir? Axı, hamı doğuşdan gələn potensialını olduğu kimi qorumur. Zaman keçdikcə, müxtəlif pozitiv və neqativ faktorlar onun inkişafına təsir edir. Beynin təbii potensialını hansı cins daha yaxşı qoruyur? Gəl, müxtəlif meyarlar üzrə yoxlayaq.
Mədənin həcmi
Koqnitiv elmdə məşhur bir deyim var: Qarnın nə qədər böyükdürsə, beynin bir o qədər balacadır.
Elmi araşdırmalara əsasən, insanın mədəsi genişləndikcə beyninin işləmə effekti aşağı düşür. Yəqin ki, bunu özün də hiss edirsən. Çəkin bir az artan kimi özünü zehni cəhətdən narahat hiss edirsən, sanki bütün beynin öz gücünü əlavə çəkiylə mübarizəyə sərf edir.
Bu barədə Azərbaycandakı vəziyyətlə bağlı əlimdə dəqiq statistika yoxdur. İlkin məlumatlar onu göstərir ki, Azərbaycanda artıq çəkisi olan qadınların sayı kişilərdən daha çoxdur, ancaq piylənmə ərəfəsində olan kişilərin sayı qadınlardan daha çoxdur. Bu faktor üzrə kimin intellektinin zəiflədiyini dəqiq deyə bilmirəm.
Tütün məmulatları və narkotik vasitələr
Tütün məmulatları və narkotik vasitələrdən istifadə beyində yaddaş, qavrayış və öyrənmə üçün cavabdeh olan sahələrə xüsusilə ciddi təsir edir. Dünyada (yəqin ki, Azərbaycanda da) bu maddələrdən istifadə edən kişilərin sayı qadınlardan dəfələrlə çoxdur.
Deməli, bu amil Azərbaycanda kişilərin zəkasının gücünün azalmasına gətirib çıxarır.
Spirtli içkilər
Spirtli içki insan zəkasının potensialını azaldan mühüm neqativ faktordur. İlk baxışdan elə görünə bilər ki, kişilər qadınlara nisbətdə daha çox spirtli içki qəbul etdiyinə görə onların beyni burda nisbətən daha çox ziyan görür. Amma araşdırmalara əsasən, bədən quruluşu və bioloji fərqlər qadın bədəninin alkoqolu daha gec qəbul etməsinə və metabolizə daha çox vaxt sərf etməsinə səbəb olur.
Yəni ki, dünyada spirtdən hər iki cinsin beyni eyni dərəcədə ziyan görür. Azərbaycanda isə spirt istehlakı kişilərdə qadınlardan nəzərəçarpacaq dərəcədə daha çoxdur. Mentalitetin təsiri altında əksər qadınlarımız spirt qəbul etmir. Əlimdə bir statistika olmasa da, kişilərin qadınlardan dəfələrlə çox alkoqol qəbul etdiyini iddia edə bilərik.
Bu neqativ amil də Azərbaycanda kişilərin əleyhinədir.
Depressiya, stress, telefon asılılığı və digər amillər
İntellektin səviyyəsinə depressiya, stress, telefon asılılığı, gündəlik fiziki aktivlik, təmiz hava kimi digər faktorlar da təsir edir. Bütün elmi araşdırmalar qadınların kişilərdən daha çox depressiya, stress və digər psixoloji problemlərdən əziyyət çəkdiyini göstərir. Azərbaycanda bununla bağlı statistikadan xəbərim yoxdur, ona görə də dünyadakı vəziyyəti bizə də aid edirəm.
Azərbaycanda yuxarıdakı faktorlar əsasında hansı cinsin beyninin daha çox əziyyət çəkdiyini demək çətindir. Bununla belə, tütün məmulatları, narkotik vasitələr və normadan artıq alkoqol istehlakının insan beyninə vurduğu ziyanın təsirini nəzərə alsaq, kişilərin daha çox neqativ təsirə məruz qaldığını söyləmək olar.
13 meyar üzrə müqayisədən və neqativ amillərin beyinə təsir ehtimalından belə bir qənaətə gəlmək olar:
Azərbaycanda ortalama bir qadının bir kişidən ağıllı olması ehtimalı daha çoxdur.
“Bəs Şahmat?”
Şəhriyar Məmmədyarov öz intervyusunda kişilərin şahmatda qadınlardan güclü olmasını birbaşa olaraq zəka ilə bağlamayıb. Düzdür, həmin ifadənin ardından işlətdiyi ifadələr həmin mənaya gətirdi və sonradan məlum müzakirələrə gətirib çıxardı. Şahmatdakı qadın-kişi fərqi barədə qısa fikrimi bildirəcəm.
Elmi araşdırmalardan gördük ki, şahmatda kişilərin qadınlardan üstün olmasının səbəbi əsasən zəka üstünlüyü ilə bağlı deyil. Əgər şahmat bacarığı sırf zəka ilə əlaqəli olsaydı, onda ən yüksək reytinqi olan kişilərin müxtəlif zəka testləri üzrə nəticələri də hamıdan yüksək olardı. Əslində isə, IQ və şahmat oynamaq bacarığı birbaşa əlaqəli deyil. Şahmat oynamaq bacarığı 2 amilin cəmidir (IQ + ağır zəhmətkeşlik) və zəhmətkeşlik daha vacib amildir.
Şahmatda güclü olmaq həmin insanın avtomatik olaraq digər mövzularda fikir bildirmə haqqını vermir. Elə olsaydı, dünya tarixinin ən güclü şahmatçılarından olan Kasparov, Fişer dünya elminə, yaşadığı cəmiyyətlərə böyük töhfələr vermiş olardı. Elit şahmatçıların əksəriyyəti hətta karyerasını bitirdikdən sonra belə heç bir ciddi intellektual nailiyyət ilə yadda qalmayıblar.
Bu gün dünyanın ən güclü şahmatçısı sayılan Maqnus Karlsen şahmatdan başqa heç bir sahədəki nailiyyətləri ilə tanınmayıb. Əgər şahmatda qələbə universal yüksək zəka sayılsaydı, onda gərək ictimai həyatın müxtəlif sahələrindəki məsələlərin həlli üçün şahmatçılara müraciət olunaydı.
Deməli, şahmatçı yalnız öz sahəsində və ya özünü ekspert kimi inkişaf etdirdiyi digər sahələrdə etibarlı mənbə sayıla bilər. Bir insanın şahmatçı olması onun beynin quruluşu, intellekt, kişi-qadın intellektinin müqayisəsi və digər mövzularda etibarlı mənbə olması demək deyil. Performans elminə əsasən (bəli, belə bir elm var), hər bir sahə üzrə ən aşağıdan ən yüksək zirvəyə kimi getdiyin prosesdə yığdığın təcrübə yalnız həmin sahə üzrə bacarığını yüksəldir. Digər bacarıqlar üçün də yenidən aşağıdan yuxarıya doğru eyni yolu getməyə məcbursan. Bu, nə deməkdir? Şahmatda sıfırdan zirvəyə doğru yol getmək paralel olaraq digər sahələrdə irəliləmək demək deyil.
Bu, bizim cəmiyyətdəki ən böyük yanlışlardan biridir. Bunu İkinci Qarabağ müharibəsi dövründə rus kanallarındaki siyasi müzakirələr zamanı hər iki tərəfdən dəvət olunan ekspertlərin kimliyində də görmək olardı. Canlı yayımda Azərbaycan tərəfinin siyasi mövqeyini bildirmək üçün əksər hallarda siyasətçi olmayan ziyalılar (məs., yazıçı Çingiz Abdullayev) çıxış edirdi. Yenə eyni məntiq – əgər bir nəfər uğurlu yazıçıdırsa, deməli, o, çox intellektualdır və istənilən mövzu barədə, o cümlədən müharibə ilə bağlı da onun danışmağa haqqı daha çoxdur.
Performans elmi barədə geniş araşdırmalarım və nailiyyətlərim var. Bu barədə xaricdə dərslər də keçirəm. Məhz bu elmin nailiyyətlərindən istifadə edərək yaddaş yarışlarında ən yüksək nəticələrə nail olmuşam. Bir gün vaxt edib bu barədə də yazaram. Hələlik isə onu deyə bilərəm ki, bir sahə üzrə, o cümlədən intellektual oyunlar üzrə dünyadakı ən yüksək səviyyəyə qalxmaq üçün intellektdən daha vacib faktorlar var.
Nə yaddaş yarışlarında, nə də şahmatda birinci olmaq hələ ən yüksək intellektə malik olmaq deyil. Bu isə sənin üçün gözəl xəbərdir. Deməli, hər kəs elmin qanunlarına riayət edərək, böyük zəhmət çəkməklə istənilən sahədə ekspert adına, hətta dünyanın zirvəsinə qalxa bilər.
Niyə Qadınların Uğurları Daha Azdır?
Bu, özü-özlüyündə geniş araşdırma tələb edən mövzudur, ona görə də bu barədə çox da uzun yazmayacam. Yazımın məqsədi kişi və qadın beynini sırf intellektual müstəvidən müqayisə etmək idi.
Bununla belə, bəzi fikirlərimi bildirmək istəyirəm. Düşünürəm ki, bunun üçün “uğur”un anlayışına nəzər salmaq lazımdır. Uğur nədir? Xüsusilə 20-ci əsr Amerikan fərdi inkişaf ədəbiyyatının təsiri altında müasir uğur fenomeni formalaşıb. Bu, əsasən biznes, qazanc, karyera kimi məsələləri əhatə edir.
Digər yanaşmaya görə uğur həyatda qarşına qoyduğun hədəflərinə çatmaqdır. Yəni ki, uğur fərdidir. Kimin daha uğurlu olmasını hər kəs özü müəyyən edir.
Məsələn, mən özümü kifayət qədər uğurları olan insan saya bilərəm. Mənim böyüməyimdə anamın xüsusi zəhməti var – uşaqlıq dövrü, orta məktəb, universitetə hazırlıq, universitet və sonrası. Anam professional həkim olsa da, bizə görə öz işindən uzaqlaşıb və evdar qadın olmağa qərar verib. Atam isə hüquqşünaslıqla məşğul olub və karyera cəhətdən anamdan daha üstündür. İndi burda kim daha uğurludur? İntellektual olaraq düzgün təhsil verən və məni (Belə götürsək, anam bir dünya çempionu yetişdirib) yetişdirən anam, yoxsa atam? Deyə bilərsiz ki, bəs qadınların işi elə odur da – uşağa baxmaq. Yox, bu misalı yazmaqda məqsədim o deyil.
Deməyim odur ki, əgər anam mənim təhsilimi, tərbiyəmi kiməsə həvalə edib öz karyerasını davam etdirsəydi (və ya hər ikisini paralel etsəydi), yəqin ki tibb sahəsində ciddi uğurlara imza atacaqdı və müasir yanaşma ilə atamdan daha uğurlu insan sayılacaqdı. Əslində, anam indi də atamdan daha uğurlu sayıla bilər, sadəcə o, öz uğurunu övladlarına yüksək nəticələr qazandırmaq yolu ilə reallaşdırıb. Bu, bir seçimdir, xüsusilə indiki dövrdə. Hər qadın bunu fərqli formada reallaşdıra bilər. Cəmiyyət “uğur”a klassik yanaşma ilə baxırsa, bu, o demək deyil ki, həmin klassik yanaşmaya “düşməyən” qadınlar daha az intellektə sahibdirlər və ya az uğurlu insan sayılmalıdırlar.
Klassik yanaşma ilə getsək, bəli, kişilər hətta müasir dövrdə qadınlardan daha uğurludur. Bunun müxtəlif səbəbləri var.
Amma bir məsələ aydındır ki, kişilərin qadınlardan daha uğurlu olmasının səbəbi onların qadınlardan daha yüksək zəkaya malik olması ilə əlaqədar deyil.
Əksər hallarda, efirdəki müzakirələrdə kişilərin daha uğurlu olması əsas göstərilərək onların qadınlardan həm də ağıllı olması qənaətinə gəlinir. Bu yazıdakı araşdırmadan da gördük ki, bu, belə deyil.
Klassik mənada qadınların uğurlarının kişilərə nisbətən daha az olmasında bir sıra psixoloji, fiziki faktorlarla yanaşı, müxtəlif cəmiyyətlərdəki tarixi-mədəni normalar, təhsil alma imkanları, iş-həyat balansını qurmaqda çətinlik, siyasi və digər faktorlar mühüm rol oynayır. Bu faktorlar aradan qalxdıqca qadınların uğurları da artır. Qərb ölkələrindəki siyasi rəhbərliyə baxdıqda bunun bir daha şahidi oluruq.
Başqa misal. Hansısa sahədə sürətlə ekspert səviyyəsinə qalxmaq üçün həmin sahə üzrə gündəlik, ardıcıl, məqsədli, tam fokuslanmış şəkildə işləməlisən. Bircə hamiləlik faktoruna görə qadınlarda bu prosesin qırılması ehtimalı daha çoxdur. Bu proses hamiləlikdən sonra da davam edir. İlk baxışdan, qadın hamiləliyə görə cəmi 1 il vaxt itirir. Əslində isə bu, daha çoxdur, çünki kişi cinsindən olan bir insan həmin 1 il ərzində öz ekspert performansını bir neçə dəfə arıtır. Qadın isə 1 ildən sonra qaldığı yerdən başlamır, çünki 1 il ərzində itirdiyi fürsətlər sonradan bir neçə il geriliyə gətirib çıxarır. Üstəlik, əvvəlki motivasiyanı qaytarmaq qadın zəkasından böyük enerji sərf etməyi tələb edir.
Bir məsələyə uzun müddət fokuslana bilmək qabiliyyəti bir sahədə dünya səviyyəsində uğur qazanmağın əsas sirrlərindəndir. Hər iki cins intellektual olaraq eyni şanslara malik olsalar da, bəzi faktorların (hamiləlik və s.) təsiri altında qadınların bu prosesi uzun müddət davam etdirməsi mümkün olmur. Bunu uzun müddət davam etdirən qadınlar isə kişilərdən geri qalmır və xaliqələr yaradır.
Ümid edirəm ki, bu yazım kişi-qadın zəkası ilə bağlı müzakirələri elmi müstəviyə qaldırmağa və ümumi olaraq insan zəkas ilə bağlı cəmiyyətimizi maarifləndirməyə imkan verəcək. Əmin ola bilərsən ki, cinsindən asılı olmayaraq hər kəs öz zəkası və digər zehni resurslarından istifadə edərək həyatda istədiyinə nail ola bilər.
Hörmətlə,
Orxan