Haqqımda
Məni yəqin ki, Dünya Yaddaş Çempionatı və digər yaddaş yarışlarındakı nailiyyətlərimlə tanıyırsan. 20 ilə yaxındır ki, dahi insanların sirləri, beynin necə işləməsi, İkinci Beyin, beyni səliqəyə salmaq, yaddaş, sürətli öyrənmə kimi məsələləri araşdırıb praktiki olaraq tətbiq edirəm
İlin təxminən 8 ayını Barselonada, 4 ayını Bakıda yaşayıram. Növbəti illərdə Tailandda da yaşamaq fikrim var. Ana dilindən əlavə ingilis, ispan, rus dillərində sərbəst danışıram. Şer əzbərləməyi, kitab oxumağı, məqsədli düşüncələrə dalaraq gəzməyi, futbol, tennis oynamağı, keyfiyyətli musiqilərə qulaq asmağı sevirəm.
Uşaqlıq
1986-cı ildə Bakı şəhərində sadə bir ailədə anadan olmuşam. Atam hüquqşünas, Anam isə həkimdir. Uşaqlığım Bakının Əhmədli qəsəbəsində keçib. 5 yaşında məktəbə daxil olmuşam. Orta təhsilimi 171 nömrəli orta məktəbdə almışam. Məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri olmuşam və digər məktəb yoldaşlarımdan seçilmişəm. Hətta mənim sinfimdə oxumaq və dərs keçmək üçün o biri siniflərdən şagirdlərin və müəllimlərin cəhd etdiyini bilirəm. Yəni ki, bütün məktəbin danışdığı bir şagird olmuşam. Məktəbdə xüsusi bir qabiliyyətimin olduğunu düşünmürəm. Sadəcə olaraq beş yaşında yaxşı oxumağım məni istər-istəməz diqqət mərkəzinə çevirmişdi.
Məktəb vaxtı ən çox sevdiyim fənlər riyaziyyat, həndəsə, kimya, fizika olub. Bununla belə, mən də o vaxt bütün oğlan uşaqlarının ən çox üstünlük verdiyi Hüquq fakültəsinə imtahan verməyə qərar verdim. 15 yaşında 641 balla BDU-nun Hüquq fakültəsinin bakalavr pilləsinə, 4 il sonra isə Dövlət Hüququ ixtisaslaşması üzrə Magistr pilləsinə daxil oldum.
Universitet və Karyera
Sırf hüquqşünas olub sıravi həyat sürmək, hüquq kimi bir sahəylə kifayətlənib yaşamaq məni qane etmirdi. Dünyagörüşüm artdıqca ixtisas seçimimin yanlış olduğunu dərk etdim və universiteti bitirdikdən dərhal sonra çətin qərar verdim – karyera istiqamətimi dəyişdim. Bu dövrdə təsadüfən internet üzərindən biznes qurmaq imkanları ilə tanış oldum, bəhrəsini illər sonra görəcəyim yeni bir fəaliyyət növünə başladım.
Universitet illərindən hüquqdan əlavə fəlsəfə, iqtisadiyyat və benyəlxalq siyasətlə dərindən maraqlanmışam, bu sahələr üzrə çoxsaylı kitablar və jurnallar oxumuşam. Maraq dairəm geniş olub. Fəlsəfi suallar məni həmişə çox düşündürüb. Məktəb illərində də bəzi fəlsəfi düşüncələrim olsa da, bu, universitet illərində daha da genişlənmişdi. Yaşadığım emosional problemlərin təsiri altında fəlsəfi sualların sayı getdikcə artırdı. Həyatın mənası nədir? İnsan dünyasını dəyişəndən sonra hara gedir? Mən kiməm? “Mən” deyəndə nə nəzərdə tutulur? Mən hansı hissələrdən ibarətəm? Beyin nədir? Ruh nədir? Bunların qlobal olaraq əhəmiyyəti və rolu nədir?
Magistraturada oxuduğum illərdən dünya tarixinin ən güclü zəkaları sayılan Da Vinçi, Einstein, Nyuton, Sidis, Aristotel, Platon kimi dahilərin sirlərini araşdırmağa çalışmışam. Beynimizin necə işləməsi və ondan maksimal istifadə edə bilmək üçün beyin elmlərini dərindən araşdırmışam. Ümumiyyətlə, həmin dövrdə bütün dahilərin həyatını araşdıranda görürdüm ki, onların dahi kimi yetişib sayılmağında bir qanunauyğunluq var. Yəni ki, kiminsə doğuşdan dahi doğulmağından daha çox düzgün təlim almaq məsələsi ön planda olub. Bu, məni çox həvəsləndirirdi. Deməli, həmin prosesi imitasiya etsəm, mən də beynimlə möcüzələrə nail ola bilərəm.
Beləliklə, başladım beyni araşdırmağa. Araşdırmalarımı əsasən yaddaş üzərindən qurdum. O vaxt bəzi yaddaş ekspertlərinin YouTube-da şoularını gördüm, diqqətimi cəlb elədi, kurslarını alıb praktiki tətbiq etməyə başladım. Düzdür, istədiyim nəticələri əldə edə bilmirdim, amma fərqindəliyim getdikcə artırdı.
Universiteti bitirdikdən sonra müəyyən müddət hüquqşünas kimi fəaliyyət göstərsəm də, internetdən kifayət qədər pul qazandıqdan sonra bu fəaliyyətimi tamamilə dayandırdım. 2013-cü ildə tanınmış şirkətlərin birində işləməyə başladım. Burda cəmi bir il çalışdım. 2014-cü ildə onlayn marketinq xidmətləri göstərdiyim bir şirkətin investoru məni Barselonaya startapda işləməyə dəvət etdi, mən də təklifi qəbul etdim.
Barselonaya Köçmək, Yaddaş Yarışları
2015-cil ildə, 29 yaşında Barselonaya köçdüm. Əsasən e-ticarət bacarıqlarımla startapın satışlarını kifayət qədər yüksək rəqəmlərə qaldırdıqdan sonra paralel olaraq Barselonada yaşamaq qərarını verdim. Bundan sonra karyeramda sırf e-ticarətə fokuslanmağa başladım.
2017-ci ildə beyinlə bağlı araşdırmalarımı test etmək məqsədilə yaddaş yarışlarına qoşulmaq qərarı verdim. Həmin ilin noyabrın 25-26-sında İstanbulda keçirilən Memoriad yarışlarında İkili Rəqəmlər (“0” və “1”-lərinin qarışığından ibarət yüzlərlə rəqəm) kateqoriyasında qızıl medal qazandım. Yarışa cəmi 3 ay hazırlaşsam da çempion oldum. Bu nailiyyətin verdiyi özünəinamla həyat hədəflərimi daha da böyütdüm.
Bu beynimdə idarəolunmaz zehni xaos yarandığını hiss edirdim. E-ticarət, yaddaş yarışları, digər intellektual fəaliyyətlər, gündəlik həyatla bağlı digər məsələlərlə beynim yüklənmişdi. Beynimdə staqnasiya yaranmışdı. Nə zehni cəhətdən irəli getmək olurdu, nə də hədəflərimi kiçiltmək istəmirdim. Hiss edirdim ki, zehnim əvvəlki kimi iti deyil. Əlaqə saxladığım bütün ekspertlər bunun səbəbini insan beyninin yaş keçdikcə qocalması ilə izah edir və normal hal sayırdılar. Bu cavab məni qane etmədiyi üçün yeni araşdırmalara başladım və qısa müddətdən sonra məsələni kökündən həll etdim. Sən demə, insan beynini zəiflədən onun qocalması yox, beynimizdə saxladığımız yarımçıqlıqlardır. Həmin yarımçıqlıqları beyindən kənar sistemə etibarlı formada yerləşdirə bilsək, beynimiz yenə cavanlaşa bilərmiş. Elə də etdim. Özümə “İkinci Beyin” qurdum və ilkin məqsədimə yəni “Su Kimi Beyin”ə nail oldum.
Həyatımda Dönüş
İkinci Beyin sistemimi qurub tətbiq etməyim zamanla həyatımı xeyli dəyişdi. Həyatda nəticələrim getdikcə artdı. Startapı sürətlə böyüdüb onun bazar dəyərini qısa müddətdə 0-dan 10-15 milyon avroya qaldırdım. Həyatımın bütün sahələrinə vaxtında reaksiya verməyə başladım, köhnədən qalan və üzünə baxmağa vaxtımın olmadığını düşündüyüm bir çox ideyalara yenidən baxdım, bəzilərinin üzərində işlədim, bir çoxunu isə etibarlı yerlərdə saxladım. Həyatımdakı bütün elementləri tam nəzarətə götürdüm.
Beynimdəki hər şeyi çölə çıxardıb etibarlı kənar bir sistemə qoymaqla beynimin itiliyini artırdım, daha mürəkkəb layihələrə ürəklə girişdim. Ən əsası, yenidən öz həyat amalıma qayıda bildim. İllər öncə həyatımın əsas istiqaməti olaraq seçdiyim yolu yenidən gördüm və hal-hazırda həyatda atdığım hər bir addım məhz həmin həyat amalıma xidmət edir. Təlim keçdiyim insanlara da həyat amallarını üzə çıxartmağa və ya yeni amallar yaratmağa kömək edirəm.
Təlim Fəaliyyətinə Başlamaq
Yeni qurduğum sistemdən sonra isə ətrafımdakı xarici dostlar – investorlar, iş yoldaşlarım və digər insanlar məndəki fərqi hiss etdilər və maraqlanmağa başladılar. İlkin olaraq çalışdığım startapdakı əməkdaşlara təlim keçdim. İkigünlük təlimdən sonra hamı özündə zehni rahatlanma və ciddi fərq olduğunu bildirdi. Hər kəs qurduğum sistemin mükəmməl və faydalı olduğunu, bunu digər insanlara öyrətməyin zəruri olduğunu söyləyirdi.
İlkin olaraq, Barselonada yerləşən bir Holland şirkətində dərs deyib yüksək rəy aldım. Bundan sonra, digər şirkətlərə uğurlu təlimlər keçdim. İspaniyanın ən böyük şirkətinin rəhbəri “İkinci Beyin” təlimini bütün şirkətə keçməyi təklif etdi. Təlimin şöhrətinin yayılması və mütəmadiləşməsi ilə həyatımda yeni bir səhifə başladı. Təlim keçdiyim əksər sahibkarlar insanlara beyin təlimləri keçməyin bir mənəvi borcum olduğunu bildirirdilər. Belə rəylər həm həvəsimi, həm də məsuliyyətimi artırdı. Ona görə təlimlər keçib insanların həyatını inkişaf etdirməkdən zövq alıram.
Həyatımın “NİYƏ”sini, yəni ki, həyatda nə üçün yaşadığımı bilirəm, gördüyüm bütün işlər, o cümlədən pul qazanmaq həmin o böyük amalıma xidmət edir. Həyatda nə üçün yaşadığımı bilmək gündəlik həyatımı yüksək şövqlə yaşamağıma imkan verir.
Dünya Yaddaş Çempionu və Dünya Rekordçusu
İkinci Beyin sistemimi tam inkişaf etdirdikdən sonra özümdə limitsiz yaradıcı güc hiss edirdim, sanki uşaqlıq illərindəki təravətimə qayıtmışdım. 15 il qabaq bütün xəyallarımı yazdığım, sonradan isə həyat axarında unutduğum bir dəfətrim vardı. Adı “Arzularım” idi. Ordakı arzulardan biri isə xüsusilə cəlbedici idi. “Mən Dünya Yaddaş Çempionuyam”.
2023-cü il noyabr ayının 24-26-sı Hindistanın Mumbay şəhərində Dünya Yaddaş Çempionatı keçirildi. 780 yarışmaçının iştirak etdiyi yarışda 2 kateqoriyada (60 dəqiqə Rəqəmlər və 15 dəqiqə Üzlər və Adlar) Dünya Yaddaş Çempionu oldum. Eyni zamanda, 1 saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni Dünya Rekorduna imza atdım. Ümumlikdə, 2 kateqoriyada qızıl, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazandım.
Bu, Azərbaycanın müstəqillik qazandıqdan sonra intellektual oyunlarda göstərdiyi ən yüksək nəticəsi idi. 2017-ci ildə yaddaş yarışlarına qoşulanda düşünməzdim ki, belə nailiyyətlərə imza ata bilərəm. Həmin vaxt yarışların qaliblərinə həsədlə baxır, onların əlçatmaz görünən nəticələrini heyranlıqla izləyirdim. Bu gün geriyə baxanda bir daha əmin oluram ki, hər bir insan öz üzərində çalışaraq, yeni intellektual sistemlərlə bilik və bacarıqlarını davamlı inkişaf etdirsə, iradəsi və əzmi ilə həyatda istədiyi hər şeyə nail ola bilər.
İnanclarım, Prinsiplərim, Qaydalarım
Təbii ki, həyatda müəyyən dəyərlər, prinsiplər, inanclar və qaydalarla yaşayıram. Məs., bir qaydam odur ki, insan dərin bilikləri ölmadığı mövzuda əminliklə danışmamalı, digərlərinə inadkarlıqla məsləhətlər verməməlidir. Və ya inanclarımdan biri odur ki, qısa müddətdə Azərbaycanın təhsil sistemini dünyanın ən güclü 5 təhsil sistemindən birinə çevirmək və dünyanı fəth etmək olar. Hesab edirəm ki, dünyanın aparıcı dövlətlərinin təhsil sistemlərinin əlçatmaz dərəcədə güclü olması ilə bağlı cəmiyyətimizdə yanlış inanclar mövcuddur.
Eləcə də, inanıram ki, hər kəs ilk baxışdan “inanılmaz” görünən böyük hədəflərə çata bilər. Əksər insanlar kiçik hədəflər və amallarla yaşayırlar, ona görə də böyük hədəflər uğrunda mübarizə aparan insanların sayı azdır. Düşünürəm ki, böyük hədəflər əsasən çətin olduğuna görə yox, onların uğrunda mübarizə aparan insanların azlığına – rəqabətin zəif olduğuna görə əlçatmaz görünür. Həmin “inanılmaz” hədəflərin sərhədlərinə yaxınlaşdıqca görürsən ki, əslində onları “inanılmaz” edən insanların məhdudlaşdırıcı inanclarıdır. Ona görə də hər kəsin can atmağa çalışdığı kiçik hədəfər və amallar əvəzinə, əksəriyyətin qorxduğu və rəqabətin az olduğu böyük hədəfər və amallarla yaşayıram. Burda Mikelancelonun bir fikri çox xoşuma gəlir: “Əksəriyyətimiz üçün ən böyük təhlükə hədəfimizi çox yüksək qoyub ona çatmamaq deyil, əsas təhlükə hədəfimizi çox aşağı qoyub ona çatmaqdadır. “
Ona görə də çalışıram ki, məhdudlaşıdırıcı inanclarımla bağlı zehnimi açıq saxlayım və həmin dəyərləri, prinsipləri və qaydaları dəyişdirməyə həmişə açıq olum. İnsan özünü heç vaxt təkmil saymamalı və daima öyrənməyə açıq olmalıdır.
Gələcək
Hal-hazırda e-ticarətlə məşğul olmaqla yanaşı mütəmadi olaraq İkinci Beyin üzrə korporativ və qrup təlimləri keçirəm. Gələcəkdə beyin, insan potensialının inkişafı ilə bağlı həm şəxsi, həm də beynəlxalq səviyyədə ciddi planlarım var. Bu sahədə dünyaya verəcəyim hələ çox töhfə var.
Saytımda və sosial media hesablarımda beyin, sürətli öyrənmə, yaşayış tərzi, biznes və digər mövzularda indiyədək öyrəndiklərimi paylaşacam. Əminəm ki, paylaşımlarımla insanların həyat keyfiyyətinin inkişaf etdirilməsinə ciddi töhfə verəcəm.
İkinci Beynin qurulması, yaddaş, sürətli öyrənmə ilə bağlı ən son yeniliklər və məsləhətlər üçün məni LinkedIn, Facebook, Twitter, Instagram və YouTube-da izlə. İkinci Beynini yaratmağa hazırsansa, onlayn təlimə qoşul və rəqəmsal həyatını səliqəyə salmaq və yaradıcı potensialını aşkar etmək üçün sübut edilmiş metodu öyrən.