ELON MUSK və BƏXTİYAR VAHABZADƏ: Neuralink necə başladı?
İki il öncə Elon Muskın Neuralink proqramının İspaniya üzrə rəhbəri ilə görüşdim. Bildirdi ki, yaddaşımı bir mikroçipə yerləşdirib sonradan başqa insanların beyninə qoymaq istəyir.
Məqsəd: autizm və amneziya (yaddaş zəifliyi) xəstəliyindən əziyyət çəkən insanlara kömək etmək. Bir halda ki, yaddaş məşqləri ilə beynimdəki müəyyən neyronlar arasındakı əlaqəni gücləndirmişəm, bunu bir kiçik çipə yerləşdirmək, sonradan başqa insanların beyninə qoymaq olar. Nəticədə həmin insanlar da mənim kimi yadda saxlayacaq.
Bu il buna oxşar digər təklif İngiltərənin Kembric Universitetindən gəldi (hələ qərar verməmişəm). Deməli, yeni dövrə qədəm qoyuruq. İdrak Təbiətlə yarışa girir.
Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadənin illər öncə uzaqgörənliklə yazdığı şeiri yadıma düşdü.
Bəxtiyar Vahabzadə qəzetlərin birində oxuyur ki, Robert J. White adlı neyrocərrah bir meymunun başını o biri meymunun başına köçürür və həmin meymun yeni beyinlə 9 gün yaşaya bilir.
Bu isə gələcəkdə beyinköçürmə əməliyyatları ilə insanların da beyinlərinin dəyişdirilə biləcəyi ehtimalını artırdı və geniş araşdırmalar başlandı.
Neuralinki yəqin ki Bəxtiyar Vahabzadədən dəqiq və gözəl təsəvvür etmək olmazdı. Buyurun oxuyun:
Bəxtiyar Vahabzadənin möhtəşəm “BAŞ” şeiri:
Qəribə aləmdir… zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş…
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş…
Bir maşın sahibi gərək olanda
Sınan hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Həkim, təbiəti gəl hakim sayaq,
Hifz edək bir səsin min ahəngini.
Gücümüz çatsa da, bəzən pozmayaq
Ana Təbiətin öz ahəngini.
Ey həkim, gücünə inansan da sən
Bu işi boynuna heç götürmə, gəl.
Ayırıb insanı öz aləmindən
Ana Təbiətlə bəhsə girmə, gəl.
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmin gün.
Cahilin başını öz bədənindən
Ayıraq dahini yaşatmaq üçün?!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi yaşayacaq bir nadan kimi…
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsilə
Yaşayan o dahi, yenə dahimi?!
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamaqındır?..
P.S. Şeirin tərkibindəki əhval işarələrini özüm qoymuşam… gözəl misralara heyranlıq əlaməti kimi.