Alkoqollu İçki İçmək Olar? İçirsənsə, belə iç!

Məndən tez-tez soruşurlar ki, alkoqola münasibətim necədir, xüsusən də yaddaş atleti və beynini daim inkişaf etdirməyə çalışan biri kimi. Əksərimiz arada bir alkoqollu içki içirik, amma mənim bu mövzuda öz yanaşmam var. Çünki beynini ən yüksək səviyyədə saxlamaq istəyən biri üçün alkoqolun təsiri daha dərindir.

Əsas qayda: alkoqol sənə yox, sən alkoqola nəzarət etməlisən. Əgər içirsənsə, bunu nəzarətlə et. Əgər içmək bir vərdişə və ya asılılığa çevrilirsə, bu, gündəlik performansına və uzunmüddətli məqsədlərinə ciddi təsir edir. Sağlamlığına və zehni performansına önəm verirsənsə, hər qurtumun nəticəsini düşün.

Alkoqolun əsas mənfi təsirləri:

  • Reaksiya vaxtını ləngidir – Həyatda sürətli düşünmək və çevik olmaq çox vacibdir. Alkoqol isə bu sürəti əngəlləyir.
  • Diqqəti və fokusu zəiflədir – İstər işdə, istər gündəlik həyatda diqqətli və fokuslu qalmaq həmişə vacibdir. Alkoqol isə səni yayındırır.
  • Yaddaşı zəiflədir – Beynin güclənməsi və bərpası üçün dincəlməyə ehtiyacı var. Alkoqol isə bu prosesi pozur.
  • Yuxu keyfiyyətini aşağı salır – Keyfiyyətli yuxu ertəsi gün daha enerjili və məhsuldar olmağına kömək edir. Alkoqol isə dərin yuxu mərhələlərini pozaraq bədənini yorğun saxlayır.

İçki İnsanı Rahatladırmı?

Hərdən işləyən insanlar deyir ki, “rahatlamaq üçün içmək lazımdır”. Bəlkə də. Amma bir neçə saatlıq “rahatlıq” günlərlə yorğunluq və fokus itkisi ilə nəticələnirsə, buna həqiqətən rahatlıq demək olarmı?

Çoxları düşünür ki, içki onların iş yükünü, problemlərini və zehni ağırlığını aradan qaldırır. Doğrudanmı belədir?

Beyin yüklənəndə sanki düşüncələr və görüləsi işlər üst-üstə yığılır. İnsan içki içəndə bu yükdən xilas olduğunu düşünür. Amma bu, müvəqqəti və saxta bir həlldir. İçki beyin yükünü həll etmir, sadəcə bir müddətlik unutmağa kömək edir.

Həqiqi aydınlıq və beyin rahatlığı istəyirsənsə, bunun yolu bütün yarımçıq işlərini və fikirlərini sistemli şəkildə səliqəyə salmaqdan keçir. Mənim İkinci Beyin təlimində öyrətdiyim də məhz budur: beynindəki yükləri düzgün yerə yerləşdirmək isə zehni rahatlığı daimi hala gətirir.

İçmək hərdən bəlkə də yaxşı hiss etdirir. Amma həqiqi rahatlıq, başını boşaltmaq və işlərini qaydaya salmaqla gəlir. Beyin yüklənməsini aradan qaldırmaq üçün onun kökündəki problemi həll etmək lazımdır.

Əgər İçəcəksənsə…

Alkoqolu həyatından tam çıxarmaq istəmirsənsə, zərəri minimuma endirmək üçün bəzi qaydalar var:

  1. Təmiz alkoqol seç – Vodka, cin, tekila, viski kimi içkilərdən istifadə et. Şirələr, qazlı içkilər və ya sodalar əlavə etmə. Alkoqol özü zərərlidir, üzərinə bir də şəkər əlavə etmək bədənə daha böyük yük yaradır.
  2. Pivədən uzaq dur – Pivə çox karbohidratlıdır və əlavə iştah yaradır, bu da sənə daha çox kalori yükləyir.
  3. Yavaş iç, tələsmə – Sürətli və çox içmək bədənə daha çox zərər verir və səhəri gün özünü yorğun hiss edirsən.
  4. Vaxtını düzgün seç – Gündəlik məhsuldarlığına və yuxu keyfiyyətinə təsir etməsin. Əgər ertəsi gün enerjili başlamaq istəyirsənsə, bədəninə bərpa üçün vaxt ver.

Bəs Alkoqolun Faydası da Varmı?

Bəli, alkoqolun sağlamlıq üçün faydalı olduğu yalnız BİR hal mövcuddur. Amma, onu deməyəcəm! 😊 Çünki insanlar cüzi bir faydanı eşidən kimi “sağlamlıq üçün içirəm” deyib həddi aşa bilərlər. Əslində, həmin o bir hal belə balanslı və nəzarətli yanaşma tələb edir.

Mənə gəlincə, indiyə kimi alkoqolu nadir hallarda, dost məclislərində içmişəm ki, məclisin aurasına sadiq qalım və – nə qədər qəribə səslənsə də – şeir deməkdən həzz alım. Təbii ki, bu da bir növ özünüaldatmadır, amma həddini aşmadığın müddətdə həyatın kiçik istisnaları da olur.

Similar Posts

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 Comments

  1. Bunu ətrafımda olan insanlarla paylaşacam. Bəzi insanlar üçün bu formada metod daha uyğundur. Sonradan istərsə tamamilə tərgidə bilər. İradə gücündən çox şey asılıdır.

    1. Bir asılılığı tərgitmək üçün iradə gücü effektive yanaşma sayıla bilməz. Əksər hallarda, iradə gücü asılılığın qarşısında məğlub olur. Ən doğru yanaşma həmin asılılığın şüuraltındakı gizli süni həzzinin nə olduğunu bilmək və həmin həzzi aradan qaldırmaqdır.

  2. Təşəkkür edirəm, yazdığınız faydalı məqalə üçün. Və çox sağ olun ki, mənim fikrimdə ol asa da, siz bildiriş olaraq gmail ünvanıma göndərib xatırladırsınız. Var olun

  3. Çox gözəl açıqlama idi Orxan bəy. Mən ümumiyyətlə içki içmirəm. Amma mənim üçün maraqlı oldu sizin kimi savadlı qardaşdan bunu eşitmək. Əgər sirr deyilsə içkinin insana xeyrini deyə bilərsiniz zəhmət olmasa.